Ubuntu 24.04 serverdə Docker və Compose: quraşdırmadan ilk tətbiqə

Ubuntu 24.04-də Docker quraşdırmaq üçün ən etibarlı yol Docker-in öz apt deposudur: beş paket, təxminən beş dəqiqə. Quraşdırmadan dərhal sonra iki ayarı edin, çünki standart halda konteyner logları diski doldura bilir, açdığınız portlar isə ufw qaydalarından yan keçir. Hamısı aşağıda, ardıcıllıqla.

Yenilənib:

Hansı paket lazımdır?

VariantNə verirNə vaxt seçilir
docker-ce (Docker deposu)Ən yeni Engine, Compose və Buildx plaginləriServer üçün standart seçim
docker.io (Ubuntu deposu)Sistemlə birlikdə yenilənən versiyaKənar depo qadağandırsa
snap dockerTəcrid olunmuş paketServerdə məsləhət deyil: fayl yolları məhduddur
get.docker.com skriptiEyni paketləri avtomatik qururMüvəqqəti sınaq maşını

İki variantı eyni vaxtda saxlamayın. Konteyner üçün server seçirsinizsə və hələ ölçünü bilmirsinizsə, developer VPS səhifəsi buna həsr olunub; serverə özünüz baxmaq istəmirsinizsə, idarə olunan konteynerlər var.

1. Rəsmi depodan quraşdırma

# köhnə və ya Ubuntu-dan gələn paketləri çıxarır (konteyner həcmləri qalır)
sudo apt remove $(dpkg --get-selections docker.io docker-compose docker-compose-v2 docker-doc podman-docker containerd runc 2>/dev/null | cut -f1)

sudo apt update && sudo apt install ca-certificates curl
sudo install -m 0755 -d /etc/apt/keyrings
sudo curl -fsSL https://download.docker.com/linux/ubuntu/gpg -o /etc/apt/keyrings/docker.asc
sudo chmod a+r /etc/apt/keyrings/docker.asc

sudo tee /etc/apt/sources.list.d/docker.sources <<EOF
Types: deb
URIs: https://download.docker.com/linux/ubuntu
Suites: $(. /etc/os-release && echo "$VERSION_CODENAME")
Components: stable
Signed-By: /etc/apt/keyrings/docker.asc
EOF

sudo apt update
sudo apt install docker-ce docker-ce-cli containerd.io docker-buildx-plugin docker-compose-plugin
sudo docker run --rm hello-world
docker compose version

hello-world mətni görünürsə, mühərrik işləyir. Depoya və Docker Hub-a çıxış üçün server internetə çıxa bilməlidir.

sudo-suz işləmək

sudo usermod -aG docker $USER
# yeni qrup üçün sessiyadan çıxıb yenidən daxil olun

Nəzərə alın: docker qrupundakı hesab faktiki olaraq root-dur, çünki istənilən host qovluğunu konteynerə qoşa bilir. Bu qrupa yalnız sudo verəcəyiniz adamları əlavə edin.

2. İlk ayar: loglar və portlar

/etc/docker/daemon.json faylını yaradın:

{
  "log-opts": { "max-size": "10m", "max-file": "3" },
  "live-restore": true,
  "ip": "127.0.0.1",
  "default-network-opts": {
    "bridge": { "com.docker.network.bridge.host_binding_ipv4": "127.0.0.1" }
  }
}
sudo dockerd --validate --config-file /etc/docker/daemon.json
sudo systemctl restart docker
  • log-opts hər konteynerin logunu təxminən 30 MB ilə məhdudlaşdırır. Yalnız bundan sonra yaradılan konteynerlərə aiddir.
  • live-restore mühərrik yenilənəndə konteynerləri işlək saxlayır (Swarm rejimi ilə birlikdə işləmir).
  • Qalan iki ayar ports: "8080:80" yazılanda portu yalnız serverin özündə açır: birincisi standart şəbəkə üçün, ikincisi yeni yaradılan Compose şəbəkələri üçün. İnternetə açmaq istəyəndə ünvanı bilərəkdən yazırsınız: 0.0.0.0:8080:80.

Bunsuz Docker paketləri ufw-dən keçməyən zəncirlərə yönəldir və ufw deny heç nəyi bağlamır. Artıq işləyən konteynerləri IP üzrə məhdudlaşdırmaq üçün UFW bələdçisində DOCKER-USER nümunəsi var.

3. İlk Compose tətbiqi

Dərhal fayda verən nümunə: saytlarınızın işləyib-işləmədiyini yoxlayan Uptime Kuma.

mkdir -p ~/kuma && cd ~/kuma
nano compose.yaml
services:
  kuma:
    image: louislam/uptime-kuma:1   # yeni versiyanı Docker Hub-da yoxlayın
    restart: unless-stopped
    mem_limit: 512m
    ports:
      - "127.0.0.1:3001:3001"
    volumes:
      - data:/app/data
    environment:
      TZ: Asia/Baku

volumes:
  data:
docker compose up -d
docker compose ps
docker compose logs -f --tail 50

Panelə öz kompüterinizdən SSH tuneli ilə baxın: ssh -L 3001:127.0.0.1:3001 deploy@203.0.113.10, sonra brauzerdə http://localhost:3001. Domen və HTTPS ilə daimi giriş üçün nginx reverse proxy qurun.

Compose faylında üç şey həmişə yazılsın: konkret teq (latest yox), restart siyasəti və məlumat üçün adlı həcm. Parolları faylın içində deyil, yanındakı .env faylında saxlayın və onu git-ə göndərməyin.

4. Yeniləmə və geri qayıtma

cd ~/kuma
# əvvəl həcmin nüsxəsi (qovluq kuma, həcm data: ad kuma_data)
docker compose stop
docker run --rm -v kuma_data:/data:ro -v "$PWD":/backup alpine \
  tar czf /backup/kuma-$(date +%F).tar.gz -C /data .
# sonra yeni imic
docker compose pull
docker compose up -d

Problem çıxsa, compose.yaml faylında əvvəlki teqi yazıb up -d edin və baza sxemi dəyişibsə, həcmi arxivdən bərpa edin. Arxivi serverdə saxlamaq azdır: serverdən kənar ehtiyat nüsxə ayrıca qurulur. Mühərrikin özü adi sudo apt upgrade ilə yenilənir.

5. Yer açmaq

ƏmrNəyi silirTəhlükəli?
docker system dfHeç nə, hesabat verirXeyr
docker image pruneTeqsiz qalmış köhnə imicləriXeyr
docker builder pruneYığma keşiniXeyr, növbəti yığma yavaş olur
docker system prune -aDayanmış konteynerləri, işlənməyən imic və şəbəkələriDiqqətlə: dayanmış konteynerlər də gedir
docker volume prune -aİşlənməyən bütün həcmləri, adlı olanlar daxilBəli, baza faylları itə bilər

Disk Docker-ə görə dolubsa, araşdırma ardıcıllığı disk dolub səhifəsindədir.

Xətaların izahı

MesajSəbəbNə etməli
permission denied … docker.sockQrup hələ tətbiq olunmayıbÇıxıb yenidən daxil olun
address already in usePortu başqa proses tutubsudo ss -tlnp ilə tapın
toomanyrequestsDocker Hub limitidocker login və ya gözləyin
exec format errorİmic başqa prosessor arxitekturası üçündüramd64 imicini seçin
Status Restarting, kod 137Yaddaş bitib və ya limit azdırdocker stats, sonra limit və ya RAM
Cannot connect to the Docker daemonXidmət dayanıb, çox vaxt JSON səhvisudo journalctl -u docker -n 30

Docker quraşdırılması haqqında suallar

Docker üçün serverdə neçə GB RAM olmalıdır?

Mühərrikin özü az yer tutur, ölçünü konteynerlər müəyyən edir. Bir-iki yüngül xidmət 2 GB ilə işləyir, baza və tətbiq birlikdə olanda 4 GB daha rahat başlanğıcdır.

docker-compose ilə docker compose eyni şeydir?

Tireli yazılış köhnə, ayrıca Python proqramıdır və artıq inkişaf etmir. Boşluqlu yazılış Docker-in indiki plaginidir, fayl formatı əsasən eynidir.

Server yenidən başlayanda konteynerlər özü qalxır?

restart: unless-stopped və ya always yazılıbsa, bəli. Əl ilə dayandırdığınız konteyner unless-stopped olanda dayanmış qalır.

Docker-i tam silmək üçün nə edilir?

Paketləri apt purge ilə çıxarın, sonra /var/lib/docker və /var/lib/containerd qovluqlarını silin. Bu, bütün imic və həcmləri geri dönməz şəkildə aparır.

Bunları da oxuyun

Bütün VPS səhifələri

Serverlər Bakıda, qiymətlər manatla

Hesab yaradın, balansı artırın və sizə lazım olan planı sifariş edin.